Skip to main content

INFE Azerbaijan

HUMAN OR RAW DATA? AZERBAIJAN’S EUROVISION SONG AT THE CENTER OF AI DEBATE

HUMAN OR RAW DATA? AZERBAIJAN’S EUROVISION SONG AT THE CENTER OF AI DEBATE

Edit Template

Avroviziya mahnımızın ilkin versiyası təxminən iki ay əvvəl süni intellekt tərəfindən yaradılmış ifaçı və musiqi videosu ilə yayımlanmışdı.

Azərbaycanın Avroviziya tarixində ilk dəfədir ki, ölkənin müsabiqə üçün təqdim etdiyi mahnı müsabiqə başlamazdan əvvəl geniş tənqid və müzakirə mövzusuna çevrilib. Adətən Azərbaycan təmsilçiləri ilə bağlı debatlar müsabiqədən bitdikdən və nəticələr məlum olduqdan sonra başlayırdı. Lakin bu il müzakirələr daha erkən mərhələdə ortaya çıxdı.

Müzakirələrin əsas səbəblərindən biri mahnının yaradılmasında süni intellektdən istifadə olunması ehtimalı iddiasıdır. Bu ehtimalın ortaya çıxmasının səbəblərindən biri mahnının bəstəkarının YouTube kanalında süni intellekt vasitəsilə hazırlanmış çoxsaylı musiqi nümunələrinin olmasıdır. Bundan əlavə, Avroviziya mahnımızın ilkin versiyası təxminən iki ay əvvəl süni intellekt tərəfindən yaradılmış ifaçı və musiqi videosu ilə yayımlanmışdı. Avroviziya üçün təqdim olunan final versiyanın həqiqətən süni intellekt tərəfindən yaradıldığına dair rəsmi təsdiq yoxdur. Lakin bütün bunlar geniş bir müzakirəyə səbəb olub.

Bu məsələ hüquqi baxımdan da müəyyən qədər “boz zona” hesab olunur. Çünki Avroviziya Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi süni intellektdən istifadəyə dair konkret və ya qadağanedici qaydalar müəyyən etməyib. Təşkilat yalnız qeyd edir ki, yaradıcılığın əsas mənbəyi insan olmalıdır. Bu səbəbdən də, süni intellektdən istifadə ilə bağlı iddialar Azərbaycanın Avroviziya iştirakını hər hansı təhlükə və ya diskvalifikasiya ilə üz-üzə qoymur.

Avroviziya uzun illərdir ki, ölkələrin öz musiqilərini və mədəniyyətlərini pan-Avropa auditoriyasına təqdim etdikləri bir platforma kimi qəbul olunur. Mədəni kimliyi ilə qürur duyan bir ölkənin Avroviziya kimi platformada süni intellektdən istifadəsi ilə bağlı iddialarla gündəmə gəlməsi milli musiqi yaradıcılığımızın vəziyyəti haqqında nə deyir? Biz doğrudanmı öz musiqi potensialımız barədə müəyyən bir illüziya içində yaşayırıq? Avroviziya mahnımız ətrafında yaranmış müzakirələr bəziləri üçün mədəni kimliyimizin tənəzzül mərhələsinə yaxınlaşdığını xəbər verən bir təbil kimi səslənir. Lakin bu təbilin həqiqətən real bir problemin siqnalı olduğu, yoxsa süni şəkildə formalaşdırılmış bir məsələ olduğu sualı açıq qalır.

Bu sualın cavabını isə yalnız zaman göstərəcək.

Edit Template