- News
Decolonization of Thought: Glitter on Stage, Trauma at Home
- News
Decolonization of Thought: Glitter on Stage, Trauma at Home

- 12/05/2025
- 00:53
- Author:Orkhan
Son Avroviziya yarışmasında iki ölkənin təmsilçiləri geyimləri ilə diqqət mərkəzinə düşdü – onların hər ikisinin ortaq bir cəhəti var idi: öz ölkələrində birmənalı qarşılanmadılar.
Son Avroviziya yarışmasında iki ölkənin təmsilçiləri geyimləri ilə diqqət mərkəzinə düşdü. Azərbaycandan “TuralTuranX” gül naxışlı ipək köynəklər, qadın geyiminə xas korsetlər, geniş şalvarlar və teatrallığı ilə seçilən qlem-rok ayaqqabıları ilə “mavi xalça”da qeyri-ənənəvi, cəsarətli və gender normalarını sarsıdan görünüş sərgilədilər. Ukraynanın 2025-ci il təmsilçisi “Ziferblat” isə parlaq rənglər, 70-ci illərin qlem-rok estetikasından ilhamlanmış androgen siluetlər və bədən dili ilə Avropanın diqqətini çəkdi. Amma onların hər ikisinin ortaq bir cəhəti var idi: öz ölkələrində birmənalı qarşılanmadılar.
Avroviziya şübhəsiz ki, keçmiş post-sovet və Şərqi Avropa ölkələrindən olan ifaçılar üçün ən sərbəst, ən qeyri-adi olmağa imkan verən nadir səhnələrdən biridir. Lakin görünür ki, bu sərbəstlik hissi həmin ölkələrin özündə hələ də tam mənimsənilməyib. Sovet İttifaqının ideoloji irsi bu gün də bədənimizi, geyimimizi və özümüzü ifadə etmə tərzimizi formalaşdırır, yönləndirir və məhdudlaşdırır.
Sovetdən miras qalan geyim kodları
“TuralTuranX” və “Ziferblat”-ın geyimlərinə qarşı yaranan qıcıq sadəcə onların “çox fərqli” görünmələri ilə izah edilə bilməz. Bu fərqliliyin Avropada rəğbət qazanıb, öz ölkələrində is bir mənalı qarşılanmaması onların kollektiv travmasını tətikləməsinin səbəbidir. SSRİ-də geyim heç bir zaman fərdiliyin ifadə vasitəsi olmayıb, bu sistemə itaətin vizual alətlərindən biri idi. Fərqlilik utancverici, təhlükəli və hətta cəzaya layiq sayılırdı. İnsanlara vizual olaraq “doğru” görünməyin önəmi təlqin edilirdi, çünki fərqlilik nəinki şəxsi qərar, həm də sinifsiz bir cəmiyyət arzusunda olan marksizm-leninizm ideologiyasına qarşı potensial təhdid kimi qəbul edilirdi. Geyim yalnız funksional deyil, həm də ideoloji vasitə idi.
Bu anlayışlar təkcə 1991-ci ildə SSRİ-nin dağılması ilə bitmədi. Onlar bir çox ailələrdə, məktəblərdə, media orqanlarında və ictimai şüurda yaşamağa davam etdi.
Avstraliyalı psixoloq Mariya Tumarkinin (2018) “travmanın miras qalması” konsepsiyasına görə, sosial repressiya və itaətkarlıq yalnız bir nəsildə qalmır – o, valideynlərdən övladlara, nəsildən nəsilə ötürülür. Bu, müstəmləkəçiliyin ən bariz nəticələrindən biridir və Azərbaycanın kollektiv kimliyində daxili repressiya və mədəni natamamlıq kompleksi kimi təzahür edir. Tumarkin izah edir ki, insanların özlərini və dünyadakı yerlərini necə qavradıqlarına bu travmalar qərar verir. Belə deyə bilərik ki, bəzilərində səhnədə parlaq və qeyri-ənənəvi görünüş narahatlıq və hətta aqressiya doğurur – çünki bu, uzun illər repressiya olunmuş estetik duyumlara qarşı bir çağırışdır.
Azərbaycan və Ukrayna siyasi müstəqilliklərini qazansalar da, mədəni və estetik baxımdan sovet mirasından tam qopa bilmədilər. Müstəqillik dövründə mədəni kimlik axtarışı aparılsa da, bu kimlik çox vaxt patriarxal, heteronormativ və konservativ “əxlaqi” modellər üzərində quruldu: “əxlaqlı qadın”, “güclü kişi”, və “milli dəyərlərin qoruyucusu”.
Belə kontekstdə “TuralTuranX”-ın emosional təqdimatı və parlaq geyimləri Azərbaycan sosial mediasında “qeyri-kişilik” və “milli dəyərlərə xəyanət” kimi şərhlərlə qarşılandı.
Ukraynada da oxşar vəziyyət müşahidə olundu: “Ziferblat”-ın geyimləri Avropada alqışlansa da, yerli sosial mediada istehzalı, hətta aqressiv reaksiyalar doğurdu. “Bu nə geyimdir?”, “Niyə qadın paltarı geyinib?” kimi suallar tanış səslənmir?
Gender, bədən və kimlik mübarizəsi
Bu reaksiyalar bir daha göstərdi ki, biz hələ də bədənləri — yalnız qadın bədənini deyil, kişi bədənini də — necə təqdim etməli olduğuna dair sərt qaydalar tətbiq etməyə çalışırıq. Burada Cudit Batlerin (1990) “gender performativliyi” anlayışını xatırlamaq yerinə düşər. Onun nəzəriyyəsinə görə, gender təbiət deyil, təkrarlanan sosial davranışların məhsuludur. Bu davranışlar normadan kənara çıxanda — kişi bədəni sərtlikdən, qadın bədəni itaətdən uzaqlaşanda — cəmiyyətdə narahatlıq yaranır. Tural və Turan kişi stereotiplərini pozaraq, “Ziferblat” isə normativ gender təqdimatından kənara çıxıb bu qaydalara meydan oxudular. Bu isə çoxları üçün “həddindən artıq mənfi” təsir bağışladı. Çünki onların təqdimatı yalnız musiqi deyil, həm də kimlik, gender və vizual ifadə üzərində düşünmək üçün bir çağırış idi.
Nostalgiya və estetikaya nəzarət
Bu narahatlığın kökü isə yalnız sosial norma qorxusunda deyil, həm də sovet dövrünə dair “restorativ nostalji”dədir. Svetlana Boymun (2001) qeyd etdiyi kimi, bu tip nostalgiya keçmişi idealizə edir və onu geri qaytarmağa çalışır. Yekaterina Kalinina (2014) isə “post-sovet nostalji” anlayışı ilə izah edir ki, keçmişə duyulan bu bağlılıq yeni, fərqli və azad ifadə formalarına qarşı müqavimət yaradır. Bu bağlılıq estetik seçimlərə, vizual cəsarətə və gender sərhədlərinin pozulmasına qarşı dərin qorxu və qıcıq formalaşdırır.
Avroviziya – kimliyə güzgü
Avroviziya sadəcə musiqi yarışması deyil. O, həm də bizim kim olduğumuzu, necə görünmək istədiyimizi və nədən qorxduğumuzu göstərən bir güzgüdür. “TuralTuranX” və “Ziferblat” səhnəyə çıxmaqla yalnız ölkələrini təmsil etmədilər, həm də bir sual verdilər: “Biz kimik?” Bu sual isə hələ də cavab axtarır.
Onların geyim seçimləri bizə vacib bir həqiqəti xatırlatdı: estetikaya nəzarət, fərqliliyə qarşı panika və hər şeyin “normal” və “düzgün” görünməsi arzusu sovet dövründən miras qalan travmaların və bədənlər üzərində kollektiv nəzarət mədəniyyətinin davamıdır. Bu geyimlərə qarşı yaranan aqressiv reaksiya isə bir şeyi açıq göstərdi: biz hələ də sovet tipli kollektiv nəzarətin şəxsi həyata sirayət etdiyi düşüncə tərzindən uzaqlaşmamışıq.
Halbuki “TuralTuranX” və “Ziferblat”-ın səhnədəki təqdimatları daha geniş və azad özünüifadəyə çağırış idi. Bu sadəcə moda deyil — bu özünü formalaşdırma və geyim vasitəsilə etirazdır. Müstəmləkələşdirilmiş və marginallaşdırılmış icmalar üçün moda tarix boyu məhz bu cür fərqliliyin görünür edilməsi, bədənlərə tətbiq olunan qaydaların pozulması ilə müqavimət vasitəsi olub. Bu baxımdan, onların geyimi yalnız vizual deyil, həm də sosial bir bəyanat idi: heteronormativ gözləntiləri, gender rollarını və post-sovet əxlaq nəzarətini sorğulayan bir addım.
Dekolonizasiya təkcə dil və tarixlə yox, həm də bu gün necə düşündüyümüz, nəyi “normal” saydığımız və geyimə hansı mənaları yüklədiyimizlə baş verir. Bu baxışı dəyişmək bəlkə də, azadlığa – dekolonizasiyaya gedən ilk addımıdır.