Skip to main content

INFE Azerbaijan

A Complete Disaster at Eurovision 2025: Is ITV Incapable of Feeling Shame?

A Complete Disaster at Eurovision 2025: Is ITV Incapable of Feeling Shame?

Edit Template

Hər il eyni imtahanda sıfır alırıq, amma hələ də müəllimi günahlandırır, dəyişməyə ehtiyac görmürük.

Şənbə gecəsi bəzi yaddaqalan, şokedici anlara şahid olmağımızla bərabər, utanma hissini ən sonuna qədər yaşadığımız gecələrdən biri oldu.

Yarışma bitdi, qalib məlum oldu, hər kəs səsləri, ilk 5-liyi və ilk 10-luğu müzakirə edərkən, yarımfinal nəticələri açıqlandı. Açıqlanan nəticəyə görə, Azərbaycan 37 ölkə içərisində birinci olmuşdu, amma sondan.

Səbəblərini öyrənmək, bunu anlamaq o qədər çətin bir şey deyil, ən azından müsabiqəni illərlə izləyən biri üçün. Yarışma haqqında bizlər, yəni müsabiqəyə nümayəndə heyəti kimi son 2-3 ayda yox, hələ sentyabr ayından hazırlaşmağa başlayanlar nə qədər bu barədə məlumatlı idisə, bu müsabiqədən gəlir əldə edən, özünü mütəxəssis kimi göstərən və başqaları tərəfindən də elə təqdim olunan insanlar, adı “peşəkar” olan münsiflər heyəti bir o qədər məlumatsız idi.

Birinci yarımfinalda sadəcə San Marinodan göndərilən 7 səslə heç kim müsabiqənin siyasiləşməsindən, ölkələrin Azərbaycana qarşı münasibətindən dəm vuraraq özünü kənarda tuta bilməz. 2017-ci ildə Nigar Camalın bir müsahibəsindən sitat gətirmək istəyirəm:
“Bizim insanlar Avroviziyanın siyasət olduğunu deməyi xoşlayır. Yaxşı, 1-ci, 2-ci, 3-cü yeri tutmaq siyasətdir. İlk 10-luğa düşmək də siyasətdirmi? Niyə ilk 10-luğa düşə bilmirsiniz?”
Müsahibədən uzun zaman keçsə də, bir çox şeylər dəyişilsə də, verilən suallar hələ də aktualdır. Gəlin, mən sizə Azərbaycanın həm təmsil olunmasında, həm də digər təmsilçiləri qiymətləndirməsində gördüyüm bəzi məqamlardan danışım.
İllərdir hər bir müsabiqə izləyicisi iştirakçı seçimlərinin açıq şəkildə və xalqın da qiymətləndirilməsini nəzərə almaqla həyata keçirilməsini tələb edir. Çünki bu nəinki Avropanın, həm də dünyanın ən böyük və köklü keçmişə sahib olan müsabiqəsidir və bu müsabiqənin alternativi sayıla biləcək bir müsabiqə yoxdur. Bu mötəbər müsabiqədə necə təmsil olunmağımıza xalq olaraq bizim də fikrimizin soruşulmasını istəməyimiz ən təbii və demokratik hüququmuzdur. Ancaq bizim gözümüzün kökünün milli seçimlər üçün öz loqosu kimi saraldan İTV və onun rəhbərliyi nə edir? Həyətdə tək top sahibi olan 4 yaşında uşaq kimi “Ya mənim dediyim kimi oynayırsınız, ya da mən evə gedirəm” tərzində açıqlamalar edir, bu məsələdə “peşəkar” adlandırdığı münsiflərin seçimlərinə güvənməyimizi istəyir. Aylar sonra xalqın böyük bir qisminə adı belə tanış olmayan bir təmsilçi çıxır və rəhbərlik xalqdan gözləyir ki, adlarını bilmədiyiniz bu şəxslərə dəstək olmalısınız. Yenə bir qisim izləyici “Ölkəmizdir, bizim xalqın nümayəndələridir (?)” deyib dəstək verir, dəstək verməyənlər isə xainlikdə ittiham olunur.
May ayı yetişir, nümayəndə heyəti 2-3 aydır adlarını yeni eşitdiyimiz, bir çox hallarda böyük səhnə təcrübəsi olmayan bu insanları, gördükləri işə, maraqlı PR kampaniyasına, hazırladıqları səhnə quruluşuna güvənərək yox, əllərini göyə açıb Allaha dua edərək, Quran altından keçirib səhnəyə göndərir. Nəticədən isə danışmaq bundan öncəkiləri deməkdən daha ağırdır.

Rəhbərlik etdikləri televiziyada demək olar hər gün ölkəmizin musiqi tarixindən, yeniliklərindən, uğurlarından danışarkən, bu müsabiqədə belə nəticələrlə hava limanına qayıdanda özlərində mənim qədər utanma hissi keçirdiklərinə şübhəliyəm. Belə bir hiss daşıyan insanın hər dəfə eyni xətaları edə biləcəyinə inanmıram. Keçən il bütün gələn tənqidlərə “Mənim heç nə vecimə deyil” deməyi az deyilmiş kimi “aftafa” ilə cavab verən və bu il də tutduğu vəzifəsini yenə uğursuzluqla davam etdirən Eldar Qasımov timsalında İTV rəhbərliyinin və nümayəndə heyətinin yuxarıda qeyd etdiyim hisslərdən uzaq olduğunu demək mümkündür.

Müsabiqə bitir və bizi, öz musiqisi ilə qürur duyub sinəsinə vuran ölkənin “peşəkar” münsiflər heyətinin adları açıqlanır: Peşə fəaliyyətinə müxbir kimi başlayan, musiqi ilə yaxınlığı sadəcə rol aldığı kliplər olan aparıcı, aktyor, ssenarist, prodüser Azər Aydəmir, Azərbaycanın Avroviziya müsabiqəsində ən uğursuz çıxışlarından birinin müəllifi olan Tural Bağmanov, Əməkdar incəsənət xadimi, 2000-ci illərdə klipmeyker kimi tanınan, yaddaşlarda nostaljik izlər qoyan və daha sonra rejissoru olduğu “Həddən artıq uyğunluq” filmi ilə o izləri də məhv edən Ülviyyə Könül, repertuarının əsas hədəf kütləsi rusdilli zümrə və uşaqlar olan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, bəstəkar Ülviyyə Bəbirli, Əməkdar artist Ramil Qasımov.
Münsiflərdən Azər Aydəmirin sıralamasında 10-cu, Ramil Qasımovun isə sıralamasında Avstriyanın yer almasına baxmayaraq, Azərbaycandan bu il qalib ölkəyə 1 xal belə olsa verilməyib. Bu da münsiflərimizin günümüzün musiqi tendensiyalarından, tamaşaçıların zövqündən nə qədər məlumatsız olduqlarını gözlər önünə sərir. Avroviziyada münsif səsverməsinin rolu yarışmada iştirakçıların qiymətləndirilməsinin bu sahədə peşəkar insanlar tərəfindən aparılması, təmsilçilərin vokal texnikasının, mahnının, səhnə quruluşunun professional şəkildə aparılmasıdır. Yayınlanan nəticələrə baxdıqda isə ölkəmiz adına qiymətləndirmənin ədalətli aparıldığını demək çətindir.

Uzun sözün qısası, ölkəmiz sonsuz bir döngü içərisində, “Bir gün tale bizim də üzümüzə gülər, bəlkə gələn il düzələr” kimi ümid və çarəsizlik içində olan cümlələrlə yarışmada iştirak edir. Bir qisim insan bu uğursuzluqlardan belə gəlir əldə edərkən, musiqiyə və müsabiqəyə dəyər verən insanlar belə təmsilçiliklə açıq-aşkar şəkildə təhqir edilir. Nə xoşbəxtik ki, hər il bizi biabır edənlər, həm də bizə “Siz anlamazsınız, bu bir sənətdir” deyə dərs keçənlər hələ də vəzifələrinin başındadır.

Deyirlər, uğursuzluqdan dərs çıxaranlar bir gün zirvəyə çatır. Amma biz elə bil ki, hər il eyni imtahanda sıfır alıb, imtahan suallarını günahlandıran sinifik. Və maraqlısı budur — heç kim müəllimi dəyişməyə ehtiyac görmür.

Edit Template