Skip to main content

INFE Azerbaijan

“Cringe” Show on İctimai TV: Why did İctimai TV punish its viewers?

“Cringe” Show on İctimai TV: Why did İctimai TV punish its viewers?

Edit Template

Dünən iştirakçılar əcəl tərləri tökərkən, ekran qarşısında “cringe” krizləri keçirən İctimai TV izləyiciləri az deyildi.

Uzun girişlərdən, əsas deyilmək istənilən sözün bütün Avropa boyunca gəzdirilərək sonda deyilməməsindən, açıq-aydın öndə olan dağ boyda problemlərin göz ardı edilməsindən mənim sıxıldığım qədər bir çoxlarının da yorulduğunun fərqindəyəm. Amma hədəfim nə Mamagama, nə də nümayəndə heyəti və ya hansısa subyektlər olacaq. İctimai TV bu tərəfdən onsuz da bir güruh qarşısında “sinifdə qaldı”. Mən isə oxların nişan nöqtəsini dəyişdirərək, dünən iştirakçılar əcəl tərləri tökdüyü zamanda İctimai TV izləyicilərinin ekran qarşısında “cringe” krizləri keçirməsindən danışacam.

Bir məlumatı əvvəlcə sizə deyim: İllər əvvəl İctimai TV rəhbərliyinə belə bir təklif verilmişdi ki, Avroviziya yarışması yayımlandığı zaman şərhçilərdən biri Avroviziya azarkeşlərindən, əsl həvəskarlardan seçilsin. Buna görə bir müsabiqə keçirilib, iştirakçıların diksiyası da diqqətə alınaraq dəyərləndirilsin və efirdə biri professional aparıcı olmaqla, iki aparıcıdan biri bu iştirakçılar arasından seçilsin.
Rəhbərlik tərəfindən verilən cavab isə, heç bilirsiz nə oldu?
– Biz aparıcıları aylar öncəsindən həm müsabiqə, həm də təmsilçilər barədə xüsusi olaraq hazırlayırıq.
Nəyə görə bu məlumatı verdim, bir qədər sonra aydın olacaq.
Bu il İctimai TV Avroviziya şərhçiləri olaraq Ağa Nadirov və Elnarə Xəlilovanın adlarını elan etdi. İlk baxışda hər ikisi öz sahələrində yetərincə tanınan və öz işini lazımi qədər bilən insanlar kimi dəyərləndirilirlər. Buna mənim də bir şübhəm yoxdur. Bəs bu şəxslər Avroviziya müsabiqəsinə nə qədər hakimdirlər? Bunun cavabını da biləcəksiz.
Dünən baş verən və ekrandan həm qulaq, həm göz iltihabı tətikləyici amillər nələr idi, onlara keçək.

Aparıcıların bir-biri ilə sanki ilk dəfə tanış olurmuş kimi rəftar etməsi, ilk narahat edən amillərdən biri idi. Buna Avroviziya haqqında heç bir məlumatlarının olmaması da əsl duz-bibər oldu. Tam əminliklə deyə bilərəm ki, şərhçilərin bundan öncə Avroviziya haqqında bilikləri sadəcə Azərbaycanın təmsilçilərindən ibarət olub. Elə dünən izlədiyimizə görə, hələ də heç bir dəyişiklik yoxdur. Yenə özümə cavab olaraq deyim ki, heç özümüzün bu ilki mahnımızdan da xəbərləri yoxdur. Hər halda, bu il təmsilçilərimiz tərəfindən ifa olunan “Run with you” mahnısının adını “Mənimlə qaç” kimi tərcümə etmək bizə başqa bir şey demir.

Və mən hələ bunun mənə verdiyi qulaq ağrısından xilas olmağa çalışarkən, Elnarə xanım Xəlilova belə bir sualla müraciət edir: Görəsən, xalının firuzəyi olmasının bir səbəbi var? Cavabı isə heç gecikmir: Yəqin ki, var.
Avroviziya izləyiciləri bilir ki, 2019-cu ildən etibarən Avroviziya müsabiqəsinin əsas sponsoru Morroccanoil şirkətidir və şirkət brend rəngi olan firuzəyini açılış mərasimindəki xalıda istifadə edir. Bu ənənə 2019-cu ildən bəri, yəni sayca 6-cı müsabiqədir ki, davam edir.
Mən bu xətaları saymaq üçün əlimdə barmaq axtardığım zamanda, Elnarə Xəlilova və Ağa Nadirov ekranda “stand-up”çı kimi gülüş bombardmanı etməyə davam edir. Ən azından Avroviziyanı illərlə izləyən biri olaraq, mənim üçün bu belə idi.
Ağa Nadirov Norveç təmsilçisini, loru dillə desək, sözünün nöqtəsini qoymağa imkan verməyərək, mahnının keçid hissəsində mikrofon qarşısına keçərək “Norveç təmsilçisini dinlədik” deyir. Nə yaxşı ki, qətiyyən istehza etmirəm, Elnarə Ağaya müdaxilə edərək bildirir: “Hələ son deyil!” Həqiqətən, bunu eşitdiyim zaman çox təsirləndim.

 

 

Bunların üstünə su içməyə çalışdığım zamanda isə, ekranda San Marino təmsilçisi görünür və Ağa Nadirov daha bir sensasiyalı açıqlama edir. Mahnıda eşidilən “Tutta l’Italia” ifadəsindən ilhamlanaraq, italyanların san-marinolu Gabry Ponte-ni çox sevdiyini deyir. Bəlkə birdən bu məqaləni oxuyarlar deyə düşünərək, kömək olaraq bilin ki, Gabry Ponte italyandır və İtaliyanın dünyaca məşhur “Eiffel 65” qrupunun keçmiş üzvlərindən biridir.
Xorvatiya təmsilçisinin performansını 2008-ci ildə ölkəmizi təmsil edən Elnur və Samirə bənzətmələri, ingiliscə “moustache” sözünü “masaj” kimi tərcümə etmələri, illərin “macchiato”sunu “maçito” kimi səsləndirmələri və digər bunun kimi “yaddaqalan” anlardan artıq qulaq xərçəngi astanasında olduğum zamanda, finalçıların adı çəkilməyə başladı və ekranda 3 ölkə – Estoniya, İslandiya və Norveç göründü. Norveçin finala keçdiyini öyrəndiyim anda, gözəl Elnarə xanım Ağaya üz tutaraq belə bir sual verdi: İndi sən demək istəyirsən, Estoniya qaldı?
Təəssüflər olsun ki, bütün bunların işığında görürük ki, biz nəinki təmsilçilərimizi hazırlamaqda, aparıcılarımızı belə müsabiqə öncəsi məlumatlandırmaqda acizik. Burada aparıcıları müdafiə etmirəm, əgər bir işi üzərlərinə götürürlərsə, bunun üçün hazırlaşmaq onların vəzifəsidir. Aparıcıların il ərzində gözlənən müsabiqəyə belə hazırlaşmaları, daha doğrusu, hazırlaşmamaları müdafiə edə biləcəyim bir hal deyil. Ancaq əvvəldə verdiyim məlumatda rəhbərliyin dediyi yenə özünü doğrultmadı və aparıcıların nə qədər müsabiqədən uzaq, məlumatsız olduğunu canlı efirdə izləyici olaraq hər kəs izlədi və dinlədi.

Sonda isə içimdən tək bir ifadə demək gəlir:
Bu ki, siyasətlə bağlı deyil…

Edit Template