- Music
Ilqara Kazimova, Nigar Jamal, and ‘TuralTuranX’: We updated our playlists, but what about our hopes?
- Music
Ilqara Kazimova, Nigar Jamal, and ‘TuralTuranX’: We updated our playlists, but what about our hopes?

- 20/03/2025
- 01:46
- Author:Webmaster
Bildiyiniz kimi, hər il səbrsizliklə gözlənilən Avroviziya həftəsinə artıq çox az bir müddət qalıb. Lakin qarşıdan gələn böyük marafon ərəfəsində sizi Avropa və Avstraliyadan qısa bir müddət ayırıb yerli musiqi sənayemizdə baş verənlərə nəzər yetirməyə dəvət edirəm.
Bu dəfə keçdiyimiz həftələrdə yayımlanan mahnılardan 3-ü barəsində fikirlərimi bölüşərək onları öz zövqümə görə dəyərləndirəcəyəm:
İlqarə Kazımova: “Oynamıram”
Bir neçə ildir sükut içində itib-batan İlqarə Kazımova nəhayət səssizliyə son qoydu. Və dürüst olaq, bu dönüş heç də gözlədiyimiz kimi deyildi. Çünki İlqarə geri qayıdır və özü ilə birlikdə “UK garage” gətirir. Bəli, düzgün oxudunuz.
Mahnı ilk andan etibarən 90-cı illərin Britaniya küçələrindən gəlmiş kimi səslənir — sanki İlqarə Londonda kluba düşüb, orada bir prodüserlə rastlaşıb. Bəs nəticə?
Ritmlər sadədir, amma yerli pop səhnəmizdəki monotonluğun fonunda bu sadəlik yeni nəfəs kimi gəlir. İlqarənin vokal incəlikləri Bermud triosunun, üzr istəyirəm, keçmiş W-triosunun üzvlərinin köhnə kasetlərini xatırladır — yaxşı mənada.
Amma… hər şey maraqlı gedərkən o “sample” gəlir. Və bir anda real dünyaya qayıdırsan. “Yoooooooxxx” deyə içində bir səs qışqırır. Çünki bu “sample”-ı 2010-cu illərin ortalarından etibarən yüz dəfə eşitmişik və artıq beyin onu avtomatik olaraq “skip” etmək istəyir.
Əgər bu mahnı 2015-2017-ci illərdə yayımlansa idi, əlimi sinəmə qoyub “5/5” deyərdim. Amma indi, 2025-də, bu daha çox bir nostalji rilsi hissi bağışlayır. Yenə də… o erkən 2000-lərin ləzzətindən bir qaşıq daddırdığına görə, İlqarəyə 4/5 veririk. Çünki o hər nə qədər “oynamıram” desə də, mən yenə də oynayıram.
TuralTuranx — “Amsterdam”
“TuralTuranX” uzun fasilədən sonra sükutu pozur və “Amsterdam”-ı yayımlayır. Amma bu “Amsterdam”, xəyal etdiyimiz rəngli kanal mənzərələrindən çox, yağışlı havada küncdə qəhvə içilən məyus bir kafe mənzərəsi bəxş edir. Mahnının ilk saniyələrindən etibarən sanki bir albomun ortasında, diqqətdən kənarda qalan bir “interlude” dinləyirmişik kimi hiss yaranır. Ancaq yox, bu bir sinqldır. Və bu qərar özü artıq bir sual doğurur.
“I had so much fun when we paint the skies” deyirlər. Qəşəng cümlədir. Amma elə bil musiqinin özü bu rənglilikdən məhrumdur. Fırça var, rəng yoxdur. Sanki hisslər qutuda qalıb, kətan isə çoxdan quruyub.
Əgər bu mahnını təsadüfən hansısa Amsterdam kafesində eşitsəm, ehtimal ki, bir az kövrələrəm. Amma qəsdən pleylistə əlavə edərəmmi? Çətin. Sevgiyə həsr olunmuş mahnılar çox şey deyə bilər, amma bu versiyada duyğular çox cılız səslənir və sanki sözlər başqa bir sənətçi üçün yazlıb, sonra “sizə də olar” deyilib.
Bu mahnı bir ayrılıq mahnısı olsa da, bir musiqi dinləyicisi üçün “TuralTuranX”-dən ayrılma mahnısı da ola bilər. “Sorry, not sorry”.
Xal: 2/5
Nigar Camal — “Unutsan”
Bu mahnı Nigar Camalın mahnısı deyil. Hətta bir addım irəli gedək — bu mahnı, Nigarın illərdir televiziyalarda lağ etdiyi müğənnilərə yaraşacaq tipdədir.
Aranjman? O qədər tanış, o qədər şablondur ki, artıq musiqi bəlkə özü də bezib. Mövzu? Biz bu süjeti artıq 800-cü dəfə eyni cümlələrlə eşidirik. Düzdür, bəzən eyni mövzu da çox gözəl işlənə bilər, amma bu dəfə Nigar sadəcə işləmək istəməyib. Və bu sualı doğurur: “Nigar haradadır?”
Haradadır o “crush on you” deyən qız? Haradadır qorxub qaçanlardan gileylənən, sevdiyimə nifrət edirəm deyən qadın enerjisi? Yoxsa Nigar mövcud şou-biznesin qazananının “xod”-unda qaynama prosesinə girib və fərqində deyil? Mən əvvəlki Nigarı axtarıram. Əgər tapsanız, zəhmət olmasa klubumuzun elektron poçt ünvanından mənimlə əlaqəyə keçin.
Xal: 1/5
Azərbaycan pop səhnəsi bir çox istedadlı səsə sahibdir. Amma bu istedad yeni yanaşmalarla dəstəklənmədikcə, nəticə sadəcə “təhlükəsiz oynayan”, emosiyasız və ticarət yönümlü treklər olur. Haqqında yazdığım musiqilərin hər biri sanki fərqli istiqamətlərdə sükanı çevirdi: “TuralTuranX” bizi Amsterdamın darıxdırıcı səssizliyinə buraxdı, Nigar Camal məsxərəyə saldığı şəxslərə bənzəyərək öz obrazını öz əlləri ilə silib atdı, İlqarə Kazımova isə gecikmiş olsa da, az da olsa musiqiyə rəng qatdı.
Bu dönüşlər sübut etdi ki, geri dönmək kifayət etmir — keyfiyyətli işlərlə qayıtmaq lazımdır. Təəssüf ki, çoxu qayıdışlarında nə özlərini yenidən kəşf etdilər, nə də dinləyicini yeni bir şeyə inandıra bildilər. Və nəticədə mən bir daha “əsl musiqilər bunlar idi” dediyim köhnə pleylistlərimə sığınmağa davam edəcəyəm.